Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin VI Konqresi

11/10/2017

Oktyabrın 2-dən 5-dək Qazaxıstanın paytaxtı Astanada Qumilyov adına Avrasiya Universitetində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) VI Konqresi keçirilib. Konqresdə 235 nəfərdən -  Qırğızıstandan 27, Türkiyədən 20, Rusiyadan 20, Azərbaycandan 5, Özbəkistandan 6, Tacikistandan 1, Türkmənistandan 6, Başqırstandan 5, Polşadan 1 həmçinin Almaniyadan və Birləşmiş Ərəb Əmirliklərindən nümayəndələr iştirak efmişdilər. 20 plenar və 9 bölmə üzrə 213 məruzə olundu.

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti, akademik Fikrət Əliyev konqresdə “İdentifikasiya məsələlərinin həlli üçün alqoritm və onların neft məsələlərinə tətbiqi” adlı plenar məruzə və "2015-2017-ci illərdə Azərbaycan riyaziyyatçılarının ən yaxşı elmi işləri” mövzusunda məruzə ilə çıxış edib.Konqresdə, həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, professor Araz Əliyev, Tətbiqi Riyaziyyat İnstitutunun direktor müavini Nailə Vəliyeva, tərs məsələlər və qeyri-xətti tənliklər şöbəsinin müdiri Etibar Pənahov, elmi katib Nərgiz Səfərova da məruzə ilə çıxış ediblər.

Altıncı konqres çərçivəsində Qazaxıstan Elmlər Akademiyasının akademiki M.Otelbayevin 75 illik yubileyi də qeyd olunub. Bu münasibətilə keçirilən iclasda Fikrət Əliyev yubilyarı “TDRC-nin Nəzəri və Tətbiqi Riyaziyyat” jurnalının redaksiya heyəti adından təbrik edib.

TDRC-nin  prezidenti B. T. Jumaqulov (Qazaxıstan), vitse-prezidentilər F.Ə. Əliyev (Azərbaycan),  A. Azamov (Özbəkistan), N. Bokayev (Qazaxıstan), A. Çekeev (Qırğızıstan), E. Panahov (Türkiyə), M. Meridova (Türkmənistan), idarə heyətinə T. Kalmenov (Qazaxıstan), A. Tağızadə və V. Quliyev (Azərbaycan), M. Tosun və M. Erqut (Türkiyə), A. Jaynakov və A. Kəribəyov (Qırğızıstan), M. Aripov (Özbəkistan),  A. Aşraliyev (Türkmənistan) seçildilər.

Cəmiyyətin növbəti konqresinin 2020-ci ildə Daşkənd şəhərində keçirilməsi qərara alındı.

Ən yaxşı elmi işə görə TDRC  diplomuna  r.u.f.d., TR ETİ-nin elmi işçisi N. Haciyeva  layiq görüldü.