Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi

07/07/2011

İyulun 1-dən 3-dək Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Konqresi keçirildi.

Konqres iyulun 1-də Novxanıdakı "Aqua Park" istirahət mərkəzində öz işinə başladı. Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad etdilər, məzarı önünə əklil qoydular. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə tər çiçək dəstələri düzdülər.

Şəhidlər xiyabanında ölkəmizin azadlığı, bütövlüyü uğrunda mübarizədə həlak olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi də yad olunaraq ruhlarına dualar oxundu.

Konqresin "Aqua Park" istirahət mərkəzinin geniş holunda keçirilən plenar iclasını Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açaraq iştirakçıları Azərbaycan riyaziyyatçıları adından salamladı, onlara uğurlu gələcəyə yönəlmiş əməkdaşlıq arzu etdi. Bu gün cəmiyyətimizin fundamental və dəqiq elmlərə böyük ehtiyacı olduğunu deyən təhsil naziri bu baxımdan belə bir konqresin keçirilməsinə çox böyük əhəmiyyət verdiklərini vurğuladı.

Nümayəndələri konqresdə iştirak edən ölkələr arasında Sovetlər Birliyi dönəmində sıx əlaqələr olduğunu, lakin sonralar bu əlaqələrin zəiflədiyini bildirən Misir Mərdanov müstəqillik əldə olunduqdan sonra bu əlaqələr üçün optimal mühit yarandığını, bugünkü forumun həmin əməkdaşlığın daha yüksək səviyyədə bərpasına gətirib çıxaracağına, Azərbaycanın və türk dilində danışan millətlərin tarixində qalan bir hadisə olacağına inandığını söylədi. Təhsil naziri Misir Mərdanov konqresə qatılmış ölkələr haqqında məlumat verərək bildirdi ki, beynəlxalq forumda Türkiyə, Rusiya, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, İran, ABŞ, Fransa, İsveç, İtaliya, Ukrayna, Gürcüstandan - ümumilikdə 20 ölkədən riyaziyyatçı alimlər iştirak edir.

Təhsil naziri qardaş Türkiyənin, Qırğızıstanın, Qazaxıstan, Özbəkistanın, Türkmənistanın, Rusiyanın və bir sıra digər ölkələrin də forumda nüfuzlu heyətlə təmsil olunduqlarını diqqətə çatdırdı. Azərbaycan MEA-nın Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konqresdə hər üç qurumdan nümayəndələrin də iştirak etdiyini bildirdi.

Təhsil naziri Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəaliyyətində son iki il ərzində ona rəhbərlik edən Qazaxıstan Respublikasının elm və təhsil naziri cənab B.Cumaqulovun xidmətlərini xüsusi qeyd etdi və qurumun IV Konqresinin Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin daha bir sübutu kimi dəyərləndirdi.

Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, Qazaxıstan Respublikasının elm və təhsil naziri B.Cumaqulov son iki ildə rəhbəri olduğu qurumun fəaliyyəti, ona üzv ölkələrdə aparılan fundamental elmi-tədqiqat işlərinin əsas istiqamətləri haqqında geniş məruzə etdi.

IV Konqresin Bakıda keçirilməsini təqdirəlayiq hal hesab edən məruzəçi Şərqlə Qərb, Şimalla Cənub arasında yol ayrıcında yerləşən Azərbaycanın İslam və Avropa mədəniyyətlərini birləşdirən yer olduğunu, son illər burada çox əhəmiyyətli beynəlxalq forumların keçirildiyini, ölkə Prezidenti cənab İlham Əliyevin türkdilli dövlətlərin birliyi məsələsinə böyük diqqət yetirdiyini qeyd etdi və türkdilli ölkələrin ümumdünya riyaziyyat Cəmiyyətinin fəaliyyətini dəstəklədiyinə görə ölkəmizin Prezidentinə minnətdarlığını bildirdi.

Sonra məruzəçi ötən dövr ərzində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin işi üzərində qısa dayandı. Təşkilati planda nəticələrdən söz açaraq türkdilli mütəxəssislər tərəfindən təqdim olunmuş elmi məktəb və riyaziyyatın, tətbiqi riyaziyyatın və informatikanın daha çox inkişaf etmiş istiqamətləri siyahısının müəyyənləşdirildiyini, Qazaxıstan, Azərbaycan və Qırğızıstanda riyaziyyat cəmiyyətinin yaradılması üzrə təşkilati tədbirlərin başa çatdığını, "TWMS Journal Pure and  Applied Mathematics" jurnalının  2010-cu ildən nəşrinə başlandığını, Türkiyənin İşık Universitetində "TWMS  Applied and Engineering Mathematics" jurnalının təsis olunduğunu  və onun ilk sayının çapdan çıxdığını bildirdi.

B.Cumaqulov daha sonra konqresdə əməkdaşlığın daha da genişləndirilməsi üzrə tövsiyələrin işlənib hazırlanmalı olduğunu deyərək bununla bağlı təkliflərini səsləndirdi.

Bu məqsədlə öncə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Elmi Fondunun təsis olunmasını təklif edən Qazaxıstanın elm və təhsil naziri fondun məqsədi və vəzifələri barədə mülahizələrini də söylədi. Qeyd etdi ki, fondun əsas məqsədinə türkdilli ölkələrin görkəmli alimlərinə və istedadlı elmi gəncliyə maddi və mənəvi yardım, ictimaiyyətin nəzərində riyaziyyatın nüfuzunun qaldırılması, türk dünyasının riyaziyyat ictimaiyyəti ilə iri biznes təmsilçiləri arasında səmərəli əməkdaşlığın yoluna qoyulması və s. daxildir.

B.Cumaqulov təklif etdi ki, xüsusi medal təsis olunsun və Riyaziyyat Cəmiyyətinin hər konqresində iki riyaziyyatçı onların yüksək xidmətlərinin dünya riyaziyyat ictimaiyyəti tərəfindən tanınması əlaməti olaraq həmin medalla təltif olunsun.

Medalla yanaşı təltif olunanlara TDRC Dəstək Fondundan 10000 dollar məbləğində mükafat verilsin. O, belə mükafatın riyaziyyat aləmində nüfuzlu olacağına inandığını söylədi.

Məruzəçi konqreslərin keçirilməsi müddətinə də toxunaraq forumun, habelə Riyaziyyat Cəmiyyətinin prezidenti kimi onun ünvanına bununla bağlı müxtəlif ölkələrdən çoxlu təkliflər daxil olduğunu söylədi və onların təhlili əsasında təklif etdi ki, TDRC-nin konqresləri üç ildən bir keçirilsin. Konqreslərarası dövrdə isə ildə bir dəfə İdarə Heyətinin iclasları çağırılsın.

Hər konqresdə Cəmiyyətin yeni prezidenti seçilsin ki, bütün ölkələr növbə ilə bu vəzifədə təmsil olunsunlar. Əvvəllər seçilmiş prezidentlərə isə Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti statusu verilsin və onlar zaman keçdikcə Cəmiyyətin Ali Məsləhət Şurasını təşkil etsinlər. B.Cumaqulov bu təklifin müzakirə edilməsini və konqres iştirakçıları tərəfindən müdafiə olunarsa TDRC-nin nizamnaməsinə daxil edilməsini məqsədəuyğun saydı.

B.Cumaqulov məruzəsinin sonunda forumun belə yüksək səviyyədə keçirilməsinin böyük təşkilati iş tələb etdiyini vurğulayıb, bu işin öhdəsindən layiqincə gəldiyinə görə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Təşkilat Komitəsinə minnətdarlığını bildirdi.

Konqresin plenar iclasında TDRC-nin fəxri prezidenti Hilmi Hacısalihoğlu, Türkiyə Respublikası Firat Universitetinin rektoru Feyzi Bingöl, Latviya Respublikasının Liepiya Universitetinin rektoru Yanis Rimşans, Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki Amanbek Jaynakov, konqresin Beynəlxalq Proqram Komitəsinin sədri, akademik Fikrət Əliyev, Rusiya EA-nın akademiki R.Niqmatulin çıxış edərək konqresin əhəmiyyətini qeyd etdilər və işinə uğurlar arzuladılar.

Həmin gün konqres öz işini 10 bölmədə davam etdirdi.

***

İyulun 2-də Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi öz işini davam etdirdi. Həmin gün keçirilən plenar iclasda Cəmiyyətin yeni prezidenti və rəhbər orqanlarının seçkisi oldu və hesabat məruzəsində irəli sürülən təkliflər müzakirə olunaraq qəbul edildi.

Sonra Cəmiyyətin prezidentinin seçkisi oldu. B.Cumaqulov bu vəzifəyə tanınmış riyaziyyatçı alim, son 14 il ərzində ölkəmizin Təhsil Nazirliyinə böyük səriştə ilə rəhbərlik etmiş görkəmli təşkilatçı Misir Mərdanovu təklif etdi. Təklif səsə qoyularaq yekdilliklə qəbul olundu. Beləliklə, təhsil naziri, professor Misir Mərdanov növbəti 3 ilə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti seçildi.

Sonra vitse-prezident seçkisi keçirildi və Azərbaycandan akademik Fikrət Əliyev, Türkiyədən Etibar Pənahov, Qazaxıstandan Narqozi Danayev, Qırğızıstandan Amanbek Jaynakov bu vəzifəyə seçildilər.

Sonra isə Akad. Fikrət Əliyev TDRC- nin Elmi Fondunun prezidenti seçildi. Ona tapşırıldı ki, Fondun Şurasını və Əsasnaməsini hazırlayib İdarə Heyətinə təqdim etsin.

Cəmiyyətin İdarə Heyətinin üzvlərinin seçkisi ilə iclas öz işini yekunlaşdırdı.

Azərbaycandan fizika-riyaziyyat elmləri doktoru Yusif Qasımov və fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Azad Tağızadə İdarə Heyətinə üzv seçildilər.

Növbəti V-ci Konqresin 2014-cü ildə Qırğızıstanda keçirilməsi haqqında bu ölkənin Nazirlər Kabinetinin rəsmi təklifi qəbul edildi.

***

Konqres ertəsi gün - iyulun 3-də öz işini bölmələrdə davam etdirdi. Üç gün ərzində 10 bölmə üzrə 300-dən çox məruzə dinlənilərək müzakirə olundu.