Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Thomson Reuters və Web of Science mükafatları-2016

10/11/2016

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters”in birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science” mükafatları-2016”nın təqdimetmə mərasimi olub. Tədbirdə ilin ən çox istinad olunan elmi jurnal nominasiyasında  "Applied and Computational Mathematics", yeni Web of Science jurnalı nominasiyası üzrə isə "TWMS Journal of Pure and Applied Mathematics" jurnalı  mükafata layiq görülüb. Mükafat Jurnalın həm-baş redaktoru Akademik Fikrət Əliyevə təqdim edilib. Tədbirin açılış mərasimində Fikrət Əliyev "Azərbaycanda elmi jurnalların beynəlxalq  bazalara inteqrasiya vəziyyəti haqqında"   adlı məruzə ilə çıxış etmişdir. O, Azərbaycanda elmi jurnalların vəziyyəti ilə bağlı seminar iştirakçılarına məlumat verərək, onların daha da beynəlxalq elm aləminə inteqrasiya olması üçün konkret təkliflər irəli sürüb.

Fondun icraçı direktoru Elçin Babayev tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmin aparıcı platforması olan “Web of Science” bazasının əsasında tərtib olunub. Analiz “Thomson Reuters” və Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.

Mükafatlandırma mərasimindən sonra Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün “Thomson Reuters” və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssislər tərəfindən “Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlim keçirilib. Tədbirdə beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması və s. məsələlərlə bağlı diskussiyalar aparılıb.