Home AZ EN RU
BAKI DÖVLƏT UNİVERSİTETİ
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Tətbiqi Riyaziyyat ET İnstitutunun təşkilatçılığı ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci beynəlxalq elmi konfrans (COIA-2022) öz işinə başlayıb

24/08/2022

 

24.08.2022-ci il tarixdə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı (COIA – 2022) işə başlayıb.

“Hilton” oteldə keçirilən konfransın açılış mərasimində Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz siyasətində elm, təhsil, ixtisaslı kadrların hazırlığı istiqamətini mühüm hesab edir. Bunun nəticəsidir ki, Azərbaycanda ölkənin davamlı iqtisadi-siyasi inkişafı üçün ixracyönümlü, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalı əsas məsələlərdəndir.

Nazir müavini əlavə edib ki, “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” beynəlxalq konfransı uzun illərdir uğurla təşkil olunur. Böyük nüfuz qazanmış tədbir elmi-texniki kadrların hazırlanması və səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin və əməkdaşlığın yaradılması, birgə elmi tədqiqatların həyata keçirilməsi, təcrübə mübadiləsi kimi məqsədlərə xidmət edir.

Ənənəvi olaraq təşkil olunan və 3 gün davam edən tədbir idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı və praktikantlar üçün elmi nəticələri müzakirə etmək, fikir mübadiləsi aparmaq üçün faydalı platforma rolunu oynayır.

COIA konfranslar silsiləsi 2005-ci ildə Azərbaycanda start götürüb; 2005, 2008, 2015, 2018 və 2020-ci illərdə Bakıda keçirilib. 2011-ci ildə Türkiyədə – Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstanda – Sofiya Texniki Universitetində keçirilib. Beynəlxalq tədbir Bakıda 6-cı dəfədir təşkil olunur. “COVID-19” pandemiyası ilə əlaqədar olaraq builki konfrans hibrid formatda – onlayn və əyani şəkildə keçirilir. Tədbirdə 30-dək ölkənin tanınmış alimləri iştirak edirlər.

Nazir müavini beynəlxalq tədbirdə aparılacaq müzakirələrin ölkəmizdə rəqəmsal transformasiyanın həyata keçirilməsi işinə töhfə verəcəyinə, alimlərimizin konfransda dinləniləcək məruzələrdən istifadə edərək Azərbaycanda elmtutumlu tətbiqi işlər aparacağına, sənaye və iqtisadiyyatımızın inkişafına dəstək göstərəcəklərinə inandığını bildirib.

Daha sonra  BDU-nun rektoru Elçin Babayev çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Rektor nitqində bildirib ki, Azərbaycanda dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır.

Açılışda Rusiya Elmlər Akademiyasının akademiki, P.P.Şirşov adına Okeanologiya İnstitutunun elmi rəhbəri Robert Niqmatulin, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov çıxış ediblər. Çıxışlarda elmi nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi, optimallaşdırma və idarəetmənin aspektlərindən bəhs edilib, beynəlxalq konfransın əhəmiyyəti vurğulanıb.

Açılş mərasimindən sonra Tətbiqi-Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev sözü plenar  məruzə üçün Rusiya Elmlər Akademiyasının akademiki, P.P.Şirşov adına Okeanologiya İnstitutunun elmi rəhbəri Robert Niqmatulinə verdi.

Plenar məruzədən sonra  beynəlxalq elmi konfransın bölmə iclasları BDU-da davam etdirilib. Konfrans üç gün davam edib.

Konfransın sonuncu günü BDU–da konfransın bağlanış mərasimi keçirildi. Bağlanış mərasimində BDU-nun rektoru Elçin Babayev, akademik Əli Abbasov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı, qonaqlar iştirak edirdiləır.

Bağlanış mərasimini Konfransın  təşkilat  komitəsinin sədri, akademik Fikrət Əliyev açdı. O, bildirdi ki, tədbirdə 30-dək ölkənin Azərbaycan, Türkiyə, ABŞ, Hindistan, Rusiya, İran, Ukrayna, Özbəkistan, Oman, Morokko, Qazaxıstan, Qırğızıstan, Misir və s. kimi ölkələrin tanınmış alimlərinin “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi sahələr üzrə mövzuları əhatə etmişdir.  Akademik bildirdi ki, Konfransda ümumilikdə 293 məqalə məruzə edildi.

Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev cıxış edərək Konfrans iştirakşılarını salamladı və Konfransın yüksək səviyyədə kecirildiyini bildirdi. O, həm plenar, həmdə bölmələrdə  çox maraqlı məruzələr olundu bildirdi.

Sonra Konfrans iştirakşılarından akademik Əli Abbasov (Bakı), professor Ahmet Ocak Akdemir (Türkiyə), professor Nazim Mahmudov (Kipr) və Əli Şükrü (İran) çıxış edib konfrans haqda öz təssüratlarını bildirdilər. İştirakçılardan  professor Nazim Mahmudov növbəti konfransın Kiprdə,  professor  Ahmet Ocak Akdemir  Türkiyədə, professor Əli Şükrü  İranda keçirilməsini  təklif etdilər.

Sonda, akademik Fikrət Əliyev  konfransın tarixindən, əhəmiyyətindən və görülən işlərdən söz açdı. Həmçinin bu sahənin dünyada inkşafında, yeni-yeni ideyaların yaranmasında oz sözünü deyib və deyəcəkdir. Xüsusilə burada alınan nəticələr tətbiqi xarakter daşıdığından ölkəmizin sənaye və iqtisadiyyatına tətbiqlərdə bunlar müəyyən mənada istifadə oluna bilər.  Konfransın əsərləri 2018 və 2020-ci illərdə “Web of Science” bazasına daxil olub. Məhz həmin illərdə Azərbaycan alimlərinin çap etdirdikləri məqalələrin sayına görə Cənubi Qafqaz ölkələri arasında 1-ci yerə çıxıb.

O, konfransın 2024-cü ildə keçiriləcəyini  konfrans iştirakçılarının nəzərinə çatdırdı. Konfransın dəqiq tarixini təşkilat komitəsi ilə müzakirədən sonra bildiriləcəyini söylədi. Sonra O, konfrans iştirakçılarına öz minnətdarlığını bildirib, Konfransı bağlı elan etdi.