Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Müsahibə

14/02/2014

“Azərbaycanda “Tomson Röyter” agenliyinin elmi bazasına çıxışın olması vacibdir”

Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnsitutunun direktoru, akademik Fikrət Əliyevin Editor.az-a müsahibəsi

- Xəbər verildiyi kimi, bu günlərdə ABŞ-ın nüfuzlu “Tomson Röyter” agenliyinin Azərbaycan, Gürcüstan və Qazaxıstanda elmin durumu ilə bağlı hesabatı yayılıb. Artıq bəzi alimlərimiz buna öz münasibətlərini bildiriblər. Siz yəqin ki, bu hesabatla tanışsınız. Sizin də münasibətinizi bilmək maraqlı olardı…

- Bəli, mən bu hesabatla tanışam. Bu hesabatda azərbaycanlı alimlərin elmi istinadlarına il-ildən marağın artdığı faktının qeyd olunması sevindirici haldır. Lakin nəzərə almaq lazımdır ki, bu istinadlar əvvəlki illərdə çap olunan məqalələrə edilə bilər.

- Hesabatda son illərdə elmi məqalələrin sayının azaldığı faktı əksini tapıb. Bunu nə ilə izah edə bilərsiniz?

- Nüfuzlu jurnallarda elmi məqalələrin sayının azalması təəssüf doğuran haldır. Ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, bu göstərici Azərbaycan elminin bu sahədəki durumunun bir o qədər də qənaətbəxş olmadığını göstərir.

- Bəs nə etmək lazımdır? Çıxış yolu nədir?

- İlk öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanın güclü elmi potensialı var. Bu potensialı üzə çıxarmaq, bununla da elmi nəaliyyətin göstəricisi olan Tomson Röyter siyahısında olan jurnalarda çap olunmuş elmi məqalələrin sayını artırmaq yolları aranmalıdır. Fikrimcə, aşağıdakı addımların atılması zəruridir:

1. Birincisi, Azərbaycanda “Tomson Röyter” agenliyinin elmi bazasına çıxışın olması vacibdir. Belə bir çıxış nəinki alimlərin, eləcə də geniş ictimaiyyətin dünya elminin, o cümlədən Azərbaycan elminin vəziyyəti ilə tanış olmasına imkan verərdi.

2. Alimləri “Tomson Röyter” agenliyinin elmi bazasına daxil olan yüksək reytinqli junallarda elmi məqaləlri çap etmələrini təşviq etmək üçün onların maddi cəhətdən həvəsləndirilməsini təşkil etmək lazımdır. Belə bir təcrübə bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə tətbiq olunur.

3. Azərbaycanda nəşr edilən elmi jurnalların səviyyəsi artırılmalı, onların “Tomson Röyter” agenliyinin elmi bazasına daxil edilməsi üçün tədbirlər görülməli, bu bazaya daxil olan jurnallara dəstək verilməlidir.

4. Elmi və elmi-pedaqoji kadrların seçilməsi və yerləçdirilməsi zamanı “Tomson Röyter” agenliyinin elmi bazasındakı göstəricilər nəzərə alınmalıdır.

5. Elm sahəsində qrant müsabiqələrinin qaliblərinin müəyyənləşməsində və qalib gəlmiş layihələrin qiymətləndirilməsində “Tomson Röyter” agenliyinin elmi bazasının güstəriciləri əsas götürülməlidir.

6. Dünya miqyasında perspektiv elmi sahələrin müəyyənləşdirilməsində “Tomson Röyter” agenliyinin elmi bazasından istifadə edilməli və gənc tədqiqatçılar maddi cəhətdən stimulaşdırılaraq bu sahələrə yönəldilməlidir.

Xüsusilə qeyd etmək istəyirəm ki, bəzi ölkələrdə də bizdəki kimi məqalələrin sayıın azalması halları var, amma Qazaxıstanda hər iki göstərici üzrə artım qeyd olunur. Görünür bunu qüvvətləndirən amillərdən biri Tomson Reyter bazasına çıxışın olmasıdır ki, bu da alimlər arasında bir növ rəqabət və yarış mühiti yaradır.

Hesab eirəm ki, bütün imkanlardan istifadə edərək qeyd olunan azalmanın tendensiya halına keçməsinin qarşısı alınmalıdır.