İlk Azərbaycan elmi jurnalına İmpact faktor verilmişdir
25/06/2010
“Applied and Computational Mathematics” jurnalı Azərbaycanda impakt faktor almış ilk elmi jurnaldır. Jurnalın əsası 2002-ci ildə qoyulmuşdur. Onun ildə iki nömrəsi ingilis dilində çap olunur. Jurnalın fəxri redaktoru prof. Tamer Başar (İllinois, ABŞ), baş redaktorları akademik Ə.M.Abbasov, akademik F.Ə.Əliyev, prof. V.B. Larin, aparıcı redaktoru isə f.-r.e.n. Y.S.Qasımovdur. Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, rəydən keçirilmiş elmi məqalələr çap olunur. Onun redaksiya heyətinə dünyanın 15-dən artıq ölkəsini təmsil edən tanınmış alimlər daxildir. Bu jurnal dünyanın 30-dan artıq ölkəsindəki universitetlərə və elmi mərkəzlərə yayılır. Jurnal 2008-ci ildə Thomson Reuter Agency-nin “Expanded List” jurnallar siyahısına salınmış və son iki ildə Jurnalda çap olunmuş məqalələrə istinad əmsalları hesablanmışdır. Qeyd edək ki, bu nəinki Azərbaycanda, həmçinin Cənubi Qafqazda ilk belə hadisədir.