Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının iclası keçirildi

17/06/2010

İyun ayının 17-də AMEA Kibernetika İnstitutunda Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının iclası keçirildi.

İclası Problem Şurasının sədri akademik İsmayıl İbrahimov açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

İclasda prioritet elmi istiqamətlər, İKT-nin tətbiqi ilə elmin idarə edilməsi sistemi, Şuranın texnika istiqamətində fəaliyyəti, “Kibernetika və informatika problemləri” beynəlxalq konfransının təşkili ilə bağlı vəziyyət və s. məsələlər müzakirə olundu.

Tədbirdə akademiklər Telman ƏliyevFikrət Əliyev, AMEA-nın müxbir üzvləri Rasim ƏliquliyevAsəf Hacıyev, Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşı, tex.e.d., professor Eldar Şahbazov, “Neftqazavtomat” EİB-in direktoru, tex.e.d. Əli Əmirov, Azərbaycan Dövlət Neft Akademiyasının elm və texnika işləri üzrə prorektoru, professor Ramiz Hümbətov AMEA və digər elmi-tədqiqat və ali təhsil müəssisələrindən Şuraya daxil olmuş prioritet istiqamətlərlə bağlı çıxış etdilər. Bildirdilər ki, bu prioritetlərin respublikanın inkişaf tələblərinə uyğun istiqamətləri müəyyən edilərək Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni sahələrdə vəzifələri ilə uzlaşmalıdır. Çıxış edənlər bu elmi istiqamətlərin dünya səviyyəsində prioritet istiqamət kimi qəbul edilməsinin əsas meyarının keyfiyyətli nəticənin əldə edilməsi olduğunu qeyd etdilər.

Tədbirdə kibernetika, informasiya texnologiyaları sahələrində olduğu kimi, texnika elmləri üzrə prioritet istiqamətlərin müəyyən edilməsi üçün bu sahədə çalışan alim və mütəxəssislərin cəlb olunması təklif olundu.

İKT-nin tətbiqi ilə elmin idarə edilməsi sistemi haqqında çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev ölkəmizdə müxtəlif sahələrdə olduğu kimi, elmi fəaliyyətdə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əsas məsələlərdən biri olduğunu, artıq ölkəmizdə E-elmin formalaşması istiqamətində işlərin aparıldığını nəzərə çatdırdı.

E-elmin əsas məqsədlərindən söhbət açan alim elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, İKT-nin imkanlarından geniş istifadə, milli elmi informasiya fəzasının yaradılmasının başlıca məsələlərdən olduğunu söylədi.

R.Əliquliyev E-elmin kommunikasiya-şəbəkə infrastrukturunun formalaşdırıldığını, bunun da sayəsində maddi-texniki bazanın, elmi təşkilatların daxili kompyuter şəbəkələrinin (lokal, korporativ, intranet) yaradılması və sürətli İnternet çıxışı, beynəlxalq informasiya resurslarından istifadə imkanının təmin edilməsi, elmi fəaliyyətlə məşğul olan alimlərimizin informasiya təminatının təşkili kimi məsələlərin həyata keçirildiyini qeyd etdi. O, elmin müxtəlif sahələri üzrə onlayn mühit əsasında yeni elmi münasibətlərin qurulması, aparıcı elmi qurumlarla qarşılıqlı əlaqələrin təşkili, böyük hesablama və informasiya resursları tələb edən məsələlərin həlli üçün superkompyuter və Grid-texnologiyaları əsasında hesablama mühitlərinin sintezi və s. məsələlərə də toxundu.

R.Əliquliyev bildirdi ki, E-elm çərçivəsində həlli vacib məsələlərdən biri də elmin informasiya təminatının yaradılması və inkişaf etdirilməsidir. Elmin idarə olunması məqsədilə elmi problemlərin reyestr sisteminin yaradılması vacibliyini qeyd edən alim bildirdi ki, əsas məsələ elmi problemlərin çeşidlənməsi, belə ki, beynəlxalq səviyyəli və respublika əhəmiyyətli, ayrı-ayrı təşkilatlar tərəfindən təqdim edilmiş elmi istiqamətlər, bu istiqamətləri əhatə edən problemlərin toplanması, formalaşdırılması və sistemləşdirilməsi və onların maliyyə mexanizminin müəyyənləşdirilməsidir. O, elmi reyestrin yaradılmasının respublikada elmi-tədqiqatların təşkilində, əlaqələndirilməsində, qiymətləndirilməsində, həmçinin elmin istiqamətləri üzrə problem şuralarının fəaliyyətində müstəsna rol oynayacağını da qeyd etdi.

Sonda texnika elmləri namizədi Tahir Əlizadə “Kibernetika və informatika problemləri” beynəlxalq konfransının təşkili ilə bağlı vəziyyət haqqında məlumat verdi və şura üzvləri konfransın keçirilməsi ilə bağlı bir sıra təklif və tövsiyələrini verdilər.

www.science.gov.az  

Fikrət Əliyevin çıxışı