Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Dünya alimləri Bakıya toplaşıb - COIA 2018

13/07/2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda Park Inn Oteldə “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” VI Beynəlxalq konfransının (COIA-2018) acılışı keçirildi. Artıq ənənə halını almış bu konfrans Bakıda üçüncü dəfədir ki, təşkil olunur.

Beynəlxalq tədbirdə dünyanın 30  ölkələsindən 250-yə yaxın alim və tədqiqatçı iştirak edirdi. İştirakçılar arasında Azərbaycan, Türkiyə, Böyük Britaniya, İspaniya, Rusiya,  Meksika, Ukrayna,   İran, Hindistan, Şimali Kipr Türk Respublikası,  Pakistan, Gürcüstan, Bolqarıstan, Küveyt kimi ölkələrin görkəmli alimlər iştirak edirdi.

Konfransın mövzularına “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, "Fazi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi istiqamətlər daxildir.

Açılşda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə cıxış etdi. Nazir informasiya-kommunikasiya texnologiyaları sahəsinin dünyada dinamik inkişafından söz açdı. O bildirdi  ki, bu sahə ölkəmiz üçün də prioritet sahələrdən biridir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Ölkəmizdə qurulan müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun dünya standartlarına uyğunlaşdırılması istiqamətində davamlı iş aparılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə nəşr olunan “Tətbiqi və hesablama riyaziyyatı” beynəlxalq jurnalı təsir əmsalına görə dünyanın 252 nəşri içərisində 19-cu yerdə qərarlaşıb. Jurnalın redaksiya heyətinin üzvləri də buradadır. Düşünürəm ki, onlar bundan sonra da elmin inkişafına xidmət edən bu jurnalın reytinqinin artması istiqamətində çalışacaqlar, - deyə nazir qeyd etdi.

Nazir qeyd etdi ki, müntəzəm olaraq dünyanın bir çox ölkələrində tanınmış alimlərin iştirakı ilə keçirilən konfrans elm aləmində beynəlxalq hadisəyə çevrilib. Bu konfrans, həmçinin Azərbaycan elminin dünya elminə inteqrasiyasında müəyyən mənada rol oynayıb. Düşünürəm ki, bu tədbir yeni ideyaların formalaşmasına, geniş tətbiq sahələrinin yaranmasına öz töhfəsini verəcək. Eyni zamanda, alimlərin bir araya gəlməsinə və dünyamızın inkişafı naminə yeni-yeni uğurlar qazanmasına rəvac verəcək.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov cıxış etdi. O, optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu qeyd etdi. Rektor adı çəkilən sahənin BDU-da da aparıcı istiqamətlərdən biri olduğunu vurğuladı.

Sonra Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, təşkilat  komitəsinin sədri, akademik Fikrət Əliyevə söz verildi.  Akademik Fikrət Əliyev konfransın tarixindən, əhəmiyyətindən və görülən işlərdən söz açdı. O qeyd etdi ki, bu silsilə konfransların Applied and Computational Mathematics  jurnalının keyfiyyət dərəcəsinin yüksəlməsində böyük rolu olmuşdur. Həmçinin bu sahənin dünyada inkşafında, yeni-yeni ideyaların yaranmasında oz sözünü deyib və deyəcəkdir. Xüsusilə burada alınan nəticələr tətbiqi xarakter daşıdığından ölkəmizin sənaye və iqtisadiyyatına tətbiqlərdə bunlar müəyyən mənada istifadə oluna bilər.

Daha sonra ABŞ-ın Illinois Universitetinin tanınmış professoru Tamer Başar və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri, akademik  Asəf Hacıyevin  konfransa təbrik məktubları oxunudu.

Ukraynalı alim, professor Vladimir Larin və digər qonaqlar konfransın işinin fəal və məhsuldar keçəcəyinə ümid etdiklərini bildirərək, ona fəaliyyətində uğurlar arzulayıblar.

Açılışdan sonra professor Oscar Castillo  (Meksika) plenar məruzə ilə cıxış etdi. Plenar məruzədən sonra konfrans öz işini üç gün bölmələrdə  davam etdirdi. Ümumilikdə  bölmələrdə 8 plenar çıxış, Enrique Zuazua (İspaniya), Muhammad Sarfraz (Küveyt), Mihail Konstantinov (Bolgariya), Michael Ruzhansky (Böyük Britaniya), Teıman Əliyev (Azərbaycan), Bağır Süleymanov (Azərbaycan) və  212 bölmə məruzələrindən  155  məruzə dinlənildi.

Günün sonunda Konfrans iştirakçılarına  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ziyafət  təşkil edildi.