Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

COIA-2018 beynəlxalq konfransının əsərləri “Clarivate Analytics”-in səhifəsində

19/04/2019

 

Bu gün “Clarivate Analytics”-in (keçmiş “Thomson Reuters” agentliyinin) səhifəsində Azərbaycan Respublikasında  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə və Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun (BDU) təşkilatçılığı ilə 11-13 İyul 2018-il tarixində Bakıda keçirilən VI Beynəlxalq “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (COIA-2018) beynəlxalq konfransının əsərləri yerləşdirilmişdir.

Konfransın fəxri sədri NRYT Naziri, cənab Ramin Quluzadədir.  Əsərlərin baş redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın Illinois Universitetinin professoru Tamer Başardır.

Qeyd edək ki,  kitabda məqalələrin ümumi sayı 220, onlardan 141-i azərbaycan alimlərinin,  73-ü BDU-nun, o cümlədən 20-si Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun  alimlərinin əsərləridir (bu nəticələr Azərbaycanı böyük fərqlə Qafqaz ölkələri arasında birinci etdi).

Azərbaycanda elmin dünya elminə inteqrasiyası sürətlənir. Artıq ənənə halını almış bu konfrans Bakıda dördüncü dəfə təşkil olunurdu. Beynəlxalq tədbirdə dünyanın 30  ölkələsindən 250-yə yaxın alim və tədqiqatçı iştirak edirdi. İştirakçılar arasında Türkiyə, Böyük Britaniya, İspaniya, Rusiya,  Meksika, Ukrayna,  İran, Hindistan, Şimali Kipr Türk Respublikası, Pakistan, Gürcüstan, Bolqarıstan, Küveyt  və s. kimi ölkələrin görkəmli alimləri iştirak edirdi.

Ənənə halını almış bu COIA konfranslar silsiləsi 2005-ci ildən Azərbaycanda start götürmüş (2005, 2008, 2015, 2018) və 2011-ci ildə Türkiyə Respublikasının Ankara şəhəri Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstan Respublikasının Sofiya Texniki Universitetinin həmtəşkilatçılığı ilə Barovetsdə keçirilmişdir.

Dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Ölkəmizdə qurulan müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun dünya standartlarına uyğunlaşdırılması istiqamətində davamlı iş aparılır

Müntəzəm olaraq dünyanın bir çox ölkələrində tanınmış alimlərin iştirakı ilə keçirilən konfrans elm aləmində beynəlxalq hadisəyə çevrilib. Bu konfrans, həmçinin Azərbaycan elminin dünya elminə inteqrasiyasında müəyyən mənada rol oynayıb. Bu tədbir yeni ideyaların formalaşmasına, geniş tətbiq sahələrinin yaranmasına öz töhfəsini verir və verəcək. Eyni zamanda, alimlərin bir araya gəlməsinə və dünyamızın inkişafı naminə yeni-yeni uğurlar qazanmasına rəvac vermişdir.

Qeyd edək ki, bu məqalələrdən seçilmişləri Azərbaycanda yeganə İSİ İmpakt Faktoru olan (2.365) və NRYT Nazirliyinin dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda çap olunan “Applied and Computational Mathematics” beynəlxalq jurnalında çap olunacaqdır.