Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

COIA-2015

07/09/2015

Konfransın əsası 2005-ci ildə qoyulub. İlk konfrans 2005-ci ildə Bakıda keçirilib. Təşkilatçıların səmərəli işinin nəticəsi olaraq elə ilk konfransın işində dunyanın tanınmış alimləri, Tamer Başar (ABŞ), Aleks Rubinov (Avstraliya), Vladimir Larin (Ukrayna), Christodoulos Floudas (ABŞ), Panos Pardalos (ABŞ), Terri Rokafeller (ABŞ), Boris Mordixoviç (ABŞ), Patrisio Kolaneri (İtaliya), Yearvood (Avstraliya) və s. iştirak etdilər. İkinci konfrans da 2008-ci ildə Bakıda eyni uğuru təkrarladı. Bu uğurun nəticəsi kimi 3-cü konfrans 2011-ci ildə Bilkənt Universitetində (Ankara, Türkiyə) keçirildi.

Bu konfransda iştirak edən Bolqarıstandan olan alimlərin təklifi ilə 4-cü tədbir 2013-cü ildə Sofiya Texniki Universitetində (Bolqarıstan) baş tutdu. Burada Təşkilat komitəsi 5-ci konfransın 2015-cü ildə Bakıda keçirilməsi haqda qərar qəbul etdi. İlk dəfə konfrans IEEE assosasiyasının siyahısına salındı və bu da onun statusunu yeni beynəlxalq səviyyəyə qaldırdı. Bu dəfə təşkilatçı kimi akademik Əli Abbasov, Müəllif hüquqları Agentliyinin sədri Kamran İmanov, İllinois Universitetinin (ABŞ) professoru Tamer Başar və akademik Fikrət Əliyev çıxış etdilər. Yaradılmış Təşkilaat Komitəsi və Proqram Komitəsinə ölkəmizin və dünyanın ən tanınmış alimləri cəlb edildi. Bunun nəticəsi kimi konfransın saytında dünyanın 26 ölkəsini təmsil edən 270 alim iştirakçı kimi qeydiyyatdan keçdi. Konfransın işində “İdarəetmə və optimallaşdırma”, “Qlobal optimallaşdırma”, “Formanın optimallaşdırılması”, “İdentifikasiya və tərs məsələlərdə optimallaşdırma metodları”, “İntellektual və qeyri-səlis idarəetmə”, “Optimal idarəetmənin ədədi üsulları”, “Tətbiqi proqramlar”, “Şəbəkə və telekommunikasiya sistemləri”, “Neft sənayesi”, “İqtisadiyyat”, “Riyazi modelləşdirmə” kimi bölmələr üzrə 170-dən artıq məruzə dinlənildi.

Plenar məruzəçilər Christodoulos Floudas (ABŞ), Tamer Başar (ABŞ), Misir Mərdanov (Azərbaycan), Yuriy Yevtuşenko (Rusiya), Patrick Solé (Fransa), Mahmoud Abdel-Aty (Misir) , Stephen Boyd (ABŞ) və Fikrət Əliyevin (Azərbaycan) çıxışları çox böyük maraq doğurdu.

Mərasimi açan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov COIA-2015-in aktual mövzuya həsr olunduğunu bildirdi və qeyd etdi ki, artıq sayca 5-ci dəfə keçirilən bu beynəlxalq konfrans bir neçə tanınmış alim və Azərbaycan hökumətinin dəstəyi və təşkilatçılığı ilə ilk dəfə 2005-ci ildə Bakıda keçirilib. Nazir konfransın təşkilatçılıqla fərqləndiyini də nəzərə çatdırdı. Elmi nəzəriyyə və onların praktikada tətbiqindən də söz açan nazir əlavə etdi ki, bu gün qərarların qəbul edilməsində, iqtisadi məsələlərin həllində çoxsaylı elmi tədqiqatların aparılmasında mürəkkəb texniki sistemlərin layihələndirilməsində və s. sahələrdə optimallaşdırma və optimal idarəetmə problemləri ön plana çəkilir. Tədbirdə müxtəlif ölkələrdən tanınmış alim və mütəxəssislərin iştirakını yüksək dəyərləndirən Əli Abbasov qeyd etdi ki, biz dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq istəyiriksə, elmə, texnoloji inkişafa xüsusi diqqət yetirməliyik.

Daha sonra tədbirin ev sahibi qismində iştirak edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu deyib: “Elmin elə sahəsi yoxdur ki, orada məsələnin optimal həllinin tapılması, verilən prosesin “ən yaxşı” şəkildə idarə olunması tələb olunmasın. Son dövrlərdə hər il ərzində Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil sahəsində 90-a qədər proqram və qrant layihələri həyata keçirilir. Universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Bu gün Bakı Dövlət Universiteti dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb, bir çox nüfuzlu assosiasiyaların üzvüdür və Beynəlxalq reytinq cədvəllərində öndə gedir”. Azərbaycanın ilk təhsil ocağında nanotexnologiyalar sahəsində aparılan tədqiqatlardan da söz açan rektor qeyd edib ki, bu istiqamətin inkişafı üzrə BDU 56 dövlət arasında ilk yerə çıxıb. Çıxışının sonunda rektor Abel Məhərrəmov Əli Abbasovu “Elmin dostu” adlandıraraq, konfransın təşkilində fəal iştirakına görə naziri “Universitetin dostu” diplomu ilə mükafatlandırıb. Konfransda iştirak edən professorlar Tamer Basar (ABŞ), Vladimir Larin (Ukrayna), Kris Floudas (ABŞ), Stefen Boyd (ABŞ) Yuriy Yevtuşenko (Rusiya), Kerim İvaz (İran) “Fəxri qonaq” diplomu ilə təltif ediliblər.

Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov, Ukraynalı alim Vladimir Larin, ABŞ-dan Tamer Başar çıxış edərək, “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015”-in işinə uğurlar dilədilər.

Konfransın ilk sessiyası ABŞ İllinois Universitetinin professoru Tamer Başarın “Çoxagentli şəbəkə sistemləri” mövzusunda məruzəsi ilə davam edib. Konfransın birinci iş günündə tanınımış alimlərdən ibarət qrup BDU-nun Nano laboratoriyasında oldular və burada aparılan tədqiqatlar barədə geniş məlumat aldılar. Onların qeyd etdiyi kimi bu laboratoriya ən müasir avadanlıqlarla təhciz edilib. Konfrans iştirakçıları üçün zəngin sosial proqram da tərtib edilmişdir. Onları Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanış etmək məqsədi ilə İçərişəhər və Qobustan qoruqlarına ekskursiyalar təşkil edildi.

29 Avqust tarixində konfransın bağlanış mərasini baş tutdu və onun 3 günlük işinə qiymət verilidi. Bu tədbirin uğurunu təsdiq edən daha bir fakt növbəti konfransın 27-29 iyun 2017-ci il tarixində ABŞ-ın Nyu-York şəhərində St. Johns Universitetində keçirilməsi haqda qərarın elan edilməsi oldu. Bütün konfrans iştirakçılarının yekdil rıəyinə görə konfrans uğurla keçirildi və elmi tədbirlər seriyası Azərbaycan elmini, onun flaqmanı olan Bakı Dövlət Universitetini, Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunu dünya elmi mühitində uğurla təmsil etməkdədir.