Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Beynəlxalq konfransda iştirak

03/05/2016

27-29 Aprel 2016-cı il tarixində Mərakeş Krallığının Beni-Mellal şəhərində “The 11th Conference on Numerical Analysis and Optimization” (11-ci Ədədi Analiz və Optimallaşdırma)  beynəlxalq konfransı keçirildi. Konfransın elm komitəsinin üzvü akademik Fikrət Əliyev konfransda “The methods to identification of the parameters of the dynamic systems and applications” (Dinamik sistemlərin parametrlərinin təyini üçün identifikasiya metodları və tətbiqləri) adlı plenar məruzə ilə çıxış etdi. Məruzədə müxtəlif dinamik sistemlərin parametrlərinin təyini ilə bağlı identifikasiya məsələləri öyrənilir və onların həlli üçün yeni effektiv həll üsulları təklif olunur. Alınmış nəticələr qazlift quyularında hidravlik müqavimət əmsalının təyin edilməsi məsələsinə tətbiq edilir.

Qeyd  edək ki, bu konfransda dünyada tanınmış alimlərdən olan A. Larhimi (Fransa), A. Cəfəri,  A. Nachaoui, M. Quafafou (Fransa), H. Riahi (Mərakeş Krallığı), T. Tadumadze (Gürcüstan) və başqaları maraqlı məruzələrlə çıxış etdilər.  Morokko Tətbiqi Riyaziyyat Elmi Cəmiyyətinin sədri K. Nəcib Azərbaycanda aparılan tədqiqat işləri ilə maraqlandı və əlaqələrin  qurulması  üçün  maraqlı olduqlarını bildirdi. Azərbaycanda  çap olunan Thomson Reuters syahısında olan jurnalların iş təcrübəsi konfrans iştirakçılarını maraqlandırdı və bu təcrübədən yararlanmaları üçün əlaqələrin genişləndirilməsinin lazımlılığı qeyd olundu.