Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Azərbaycan Riyaziyyat Cəmiyyətinin (ARC) təsis konfransı

16/02/2010

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan Riyaziyyat Cəmiyyətinin (ARC) təsis konfransı keçirildi. Konfransı açan AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik Akif Hacıyev belə bir təşəbbüsün qloballaşan dünyada gedən proseslərdən geri qalmamaq tələbindən irəli gəldiyini bildirdi. “Azərbaycanda riyaziyyatçılar cəmiyyətinin, bu elmin nailiyyətlərini özündə əks etdirən yerli bir nəşrin olmaması müəyyən problemlər yaratdığından belə bir cəmiyyətin yaradılması zərurətə çevrildi. Türkdilli Dövlətlərin Riyaziyyat Cəmiyyətinin (TDRC) elmi dərgisinin redaksiyası Azərbaycanda olacaq. Azərabaycanda da oxşar qurumun yaradılması və adı çəkilən təşkilata inteqrasiya olduqca vacibdir”-deyə, akademik A.Hacıyev bildiridi. .

Sonra çıxış edən akademik Fikrət Əliyev bildirdi iki, Türkdilli Dövlətlərin Riyaziyyat Cəmiyyətinin (TDRC) növbəti, IV konfransının 2011-ci ildə Bakıda keçiriləcəyi, eyni zamanda Azərbaycanın böyük riyaziyyatçı alimlərinin əsərlərinin nəşr etdirilməsinə olan ehtiyac respublikamızda da belə bir cəmiyyətin yaradılmasını labüd etdi. F.Əliyev TDRC-in “Nəzəri və Tətbiqi Riyaziyyat” jurnalının artıq çapa hazırlandığını və fevral ayının sonunda nəşr olunacaq jurnala azərbaycanlı alimlərin də məqalələrinin daxil edildiyini bildirdi. F.Əliyev yerli cəmiyyətin oxşar elmi jurnalının təsis edilməsinin, müntəzəm olaraq bu cəmiyyətin konfranslarının keçirilməsinin, Azərbaycan alimlərinin əldə etdikləri nailiyyətləri dünyaya daha tez çatdırmaq üçün qurumun internet səhifəsinin yaradılmasının vacib olduğunu qeyd etdi.

Konfransın işində iştirak edən təhsil naziri, riyaziyyatçı alim Misir Mərdanov belə bir cəmiyyətin yaradılmasının vacibliyini, qurumun işlək olması üçün onun büdcəsinin formalaşdırmağı və bina ilə təchiz olunmasının önəmli məsələlərdən olduğunu bildirdi.

Cəmiyyətin yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirən Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev rəhbərlik etdiyi qurumun yeni yaradılan cəmiyyətə texnki dəstəklə bərabər, maliyyə və digər lazımi köməkliklər edəcəyinə söz verdi.

Konfransın sonunda akademik Akif Hacıyev cəmiyyətin prezidenti, akademik Fikrət Əliyev və AMEA-nın müxbir üzvü Asəf Hacıyev vitse-prezidentləri seçildilər.

Qeyd edək ki, Azərbaycan Riyaziyyat Cəmiyyətinin (ARC) strukturuna cəmiyyətin prezidenti, iki vitse-prezident (beynəlxalq əlaqələr və tətbiqi riyaziyyat üzrə; təşkilati məsələlər və nəzəri riyaziyyat üzrə), İdarə Heyəti, icraçı qrup və xəzinədar daxildir.

www.science.gov.az