Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Astanada “TWMS Journal of Pure and Applied Mathematics” Azərbaycan-Qazaxıstan birgə jurnalının təqdimatı keçirilib

27/11/2015

Jurnalın Thomson Reuters Emerging Sources Citation Index siyahısına daxil edilməsi münasibəti ilə Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyində görüş keçirilib. Qazaxıstan Respublikası Elm və Təhsil nazirinin müavini, professor T.O. Balıkbayev “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının baş redaktoru, AMEA-nın akademiki, professor Fikrət Əliyev və  jurnalın məsul redaktoru, BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, dosent Qəmər Məmmədovanı qəbul edib. Görüşdə jurnalın redaksiya heyətinin üzvü, Qazaxıstan Respublikası MEA-nın akademiki, L.N.Qumilyov adına Avrasiya Milli Universiteti yanında Riyaziyyat İnstitutunun direktoru professor Muxtarbay Otelbayev, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin “Ali riyaziyyat” kafedrasının müdiri Nurjan Bokayev, Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin elm komitəsinin idarə rəisi R.S. Kokenov və  təhsil sahəsində beynəlxalq əməkdaşlıq departamentinin direktoru S.M.Omirbayev iştirak ediblər.

Görüşdə jurnal haqqında məlumat verilib, bu nəşrin və bütövlükdə türk dünyası üzrə elmi riyazi jurnalların daha da təkmilləşdirilməsi yolları müzakirə edilib. Türk dünyasında mövcud jurnalların monitorinqinin keçirilməsi və bu əsasda onları dünya standartları səviyyəsinə çatdırmaq üçün müvafiq qərarlar qəbul edilməsi təklif olunub.

Akademik Fikrət Əliyev  həm də L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Elmi Şurasının iclasında çıxış edib. O, Azərbaycanda nəşr olunan Thomson Reuters siyahısına daxil edilmiş üç jurnalı təqdim edib. Elmi Şuranın üzvləri  F. Əliyevin məruzəsini böyük maraqla qarsalayıblar.

Daha sonra Akademik Fikrət Əliyev Almatı şəhərində Al-Farabi adına Qazaxıstan Milli Universitetində olub. Universitetin rektoru, professor  Q.M. Mutanovla görüşdə birgə elmi fəaliyyətin və adı çəkilən nəşrlərin daha da təkmilləşdirilməsi yolları müzakirə edilib.