Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasında akademik Fikrət Əliyevin məruzəsi dinlənilmişdir

04/03/2016

Martın 4-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Akademik Fikrət Əliyev beynəlxalq elmi bazalara daxil olan jurnallarda məqalələrin çap olunması qaydaları, Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti ilə bağlı Elmi Şurada məruzə etdi.

Akademik məlumat verdi ki, dünyada 100 mindən artıq elmi jurnal olsa da, onlardan seçilmiş 12700-ə qədəri nüfuzlu Thomson Reuters-ə daxildir. Thomson Reuters tərəfindən belə elmi jurnallar seçilən zaman başlıca kriteriyalar kimi onların çap standartları, beynəlxalq redaksiya heyəti, jurnalın məzmunu və istinadların analizi əsas götürülür. Thomson Reuters-da 12665 jurnal, 12000 illik konfrans, 61 min kitab qeydiyyatdan keçib, habelə bu sistemdə 1 milyarddan artıq istinad olunmuş ədəbiyyat, 110 illik dövrü əhatə edən məqalələr toplanıb.

Akademik F.Əliyev bildirdi ki, bir neçə ay bundan əvvəl apardıqları monitorinqin nəticələrinə əsasən Azərbaycanda çıxan 363 elmi jurnaldan cəmi 18-i beynəlxalq standartlara cavab verir. Onlardan isə yalnız 4-ü Thomson Reuters Web of Science tərəfindən indekslənən jurnallardır. Həmin jurnallar “Applied and Computational Mathematics”, “TWMS Journal of Pure and Applied Mathematics”, “Khazar Journal of Humanities and Social Sciences” və “Azerbaijan Journal of Mathematics” nəşrləridir. 17 ölkədən 26 tanınmış alim “Applied and Computational Mathematics”in redaksiya heyətinin üzvüdür. Bu jurnal 2010-cu ildə impakt faktoru alıb və impakt faktoru indeksi 0.633-dür.

Maraqla qarşılanan məruzədən sonra akademik F.Əliyev Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiyası, bu sahədəki problemlər və onların həlli yolları, habelə ölkəmizin alimlərinin əsərlərinin beynəlxalq impakt faktorlu jurnallarda çapı imkanları, qaydaları ilə bağlı Elmi Şura üzvlərinin suallarını çavablandırdı.